Hadi RƏCƏBLİ,
siyasi elmlər doktoru, professor
Bu gün Dağlıq Qarabağ münaqişəsinin başlamasının 33-cü ili tamam olur. 1988-ci il fevralın 22-də bütün dünyanın gözü qarşısında cəlb edildiyimiz ədalətsiz bir savaş başlamışdı. Amma artıq biz münaqişənin başlanması barədə tamamilə başqa ovqatda söz açırıq. Çünki artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməklə Dağlıq Qarabağ problemini milli maraqlarımız çərçivəsində həll etdi. Prezident İlham Əliyev 32 ildən artıq idi ki, üzləşdiyimiz ədalətsizliyə özünün düşünülmüş siyasəti və sərkərdə qətiyyəti ilə son qoydu.
Azərbaycanın dəmir yumruğu işğala son qoydu
Beləliklə, artıq Dağlıq Qarabağ problemi yoxdur və Azərbaycanın bu tarixi ərazisində ikinci erməni dövləti yaratmaq iddialarına birdəfəlik son qoyulub. Bu tarixi reallığın müəllifi isə qeyd etdiyimiz kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ərazi bütövlüyümüzün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu qarşısında dayanan bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu.
Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının hüquqi baxımdan təsdiqidir. Eyni zamanda bu sənəd Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edən hüquqi aktdır. Üstündən onillər keçsə də, bu bəyanat Azərbaycanın milli haqqının bərpası istiqamətində əsas tarixi hüquqi sənədlərdən biri kimi çıxış edəcək.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə də dövlət başçısı keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu kimi torpaqlarımızın işğaldan azad olunmasını qeyd etdi: «Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik».
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin başlandığı bir tarixdə biz artıq dünya ictimaiyyətinin ədalətsiz yanaşmasından, beynəlxalq təşkilatların ikili standartlar siyasətindən deyil, Azərbaycanın dəmir yumruğu ilə Ermənistanı cəzalandırmasından, güc yolu ilə torpaqlarını işğaldan azad etməsindən qürur hissi ilə bəhs edirik.
Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək
Ermənistanın işğal etdiyi torpaqlarımızda şəhər və kəndlərimizi xarabazarlığa çevirməsi, sərvətlərimizi talan etməsi, meşələrimizi qırması öncədən də məlum idi. Ərazilərimizin azad edilməsindən sonra isə Azərbaycanın illər boyu bununla bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələlər faktlarla öz əksini tapdı. Bəli, Ermənistanın döyüş meydanında məğlub edilərək qovulmasından sonra dünya Azərbaycanın qələbəsi ilə yanaşı, işğalçının vandallığına, barbarlığına şahidlik etdi.
Rayonlarımız, şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz düşməndən təmizləndikcə bir daha məlum oldu ki, Ermənistanın onların hamısını viran qoyub. Evlərin daşlarına qədər söküblər. Prezident İlham Əliyevin dediyi kimi sanki bu yerlərdən vəhşi qəbilə keçib.
Ermənistan öz xislətindən irəli gələrək milli-mədəni, tarixi və dini abidələrimizi də dağıdıb, onları erməniləşdirməyə cəhd edib, məscidlərimizi murdarlayıb. On minlərlə tarixi eksponat Ermənistana daşınıb, Azıx mağarasında qeyri-qanuni tədqiqatlar aparıblar. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib, oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib. Qarabağ bölgəsinin hər qarışı qiymətli metallarla zəngindir. 30 ilə yaxın müddətdə Ermənistan onları talayaraq oğurlayıb, cinayətkarcasına mənimsəyib.
Müharibə həm də dağıntı deməkdir. Amma Dağlıq Qarabağ savaşında dağıntıların yeganə müəllifləri erməni işğalçıları oldular. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və biz heç vaxt bu ərazini dağıda və ya yandıra bilməzdik. Hətta Şuşanın işğaldan azad olunması əməliyyatında Azərbaycan Ordusu şəhərə maddi ziyan dəyməməsi üçün bütün imkanları səfərbər etdi, hücum zamanı şəhəri ağır hərbi texnikadan, toplardan atəşə tutmadı. Çünki biz Şuşanı dağıda bilməzdik.
Ümumiyyətlə, hazırda qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququq tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Məlum olduğu kimi əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin olub. İndi isə həmin ərazilər işğaldan azad edilib.
Dövlət başçısı İlham Əliyev müharibənin başa çatmasından sonra bir neçə dəfə bu mövzuya toxunub. Yaxşı yadımızdadır ki, hələ ötən ilin noyabr ayında işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı Cəbrayıl şəhərinin mərkəzini göstərən cənab Prezidenti ermənilərin bir dənə salamat bina qoymadıqlarını bildirdi. «Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir dəfə də demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək. Bütün ziyan hesablanacaq. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və onlara qarşı təzminat davası açılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək».
Azərbaycan Ordusunun Qarabağı və ətraf rayonlarımızı işğaldan azad etməsi ilə bu torpaqlarla bağlı xalqımızın milli hüquqları bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətinin yeganə hərbi problemini yoluna qoydu. Qarşıdakı dövrdə isə Ermənistan beynəlxalq hüquq müstəvisində cəzalandırılmalıdır. Döyüş meydanındakı Qələbəmiz tam əsas verir ki, Ermənistan Azərbaycana vurduğu mülki zərərə görə də kompensasiya ödəməyə məcbur edilsin. Bu mənada savaş bitsə də, Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək.
Bu gün Azərbaycanın prioriteti Qarabağa qayıdışdır
Bu gün dövlətimiz və xalqımız artıq müharibədən sonrakı dövrə köklənmişdir. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə də Prezident İlham Əliyev bəyan etdi ki, ənənəvi infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir, ona görə əsas diqqət azad edilmiş torpaqlara olmalıdır. Prezident İlham Əliyev bir daha Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: «Bir sözlə, bizim planlarımız böyükdür. Müharibə üç aydan çox müddətdir ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam».
Bəli, indi Azərbaycanın prioriteti Qarabağa qayıdışdır. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar yenidən qurulacaq, 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Böyük Qayıdışı təmin edəcək layihələrin icrasına isə artıq başlanılıb. Söhbət işğaldan azad olunmuş ərazilərdə bütün istiqamətlər üzrə infrastrukturun yenidən qurulmasından gedir. Hələ ötən ilin oktyabr ayından Tərtər rayonunda Suqovuşana gedən yeni yolun çəkilişi başlanılıb və işlərin böyük qismi artıq yekunlaşıb. Çünki qayıdışın birinci addımı yoldur. Yol həm də inkişaf, yüksəliş və rifah deməkdir.
Başqa bir yol isə Göygöl rayonunu Toğanalı kəndi istiqamətindən Kəlbəcərə çəkilir. Çətin təbii relyefi olan bu yol Laçın rayonuna qədər davam etdiriləcək. Eyni zamanda Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yolun çəkilşi ilə bağlı göstəriş verilib və bu istiqamətlərdə hazırlıq işləri başlayıb. Bununla da iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına aparan müasir yol-nəqliyyat infrastrukturu yaradılacaq.
Prezident İlham Əliyevin yol infrastrukturunun yaradılması ilə bağlı başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədədir. Hələ noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hadisə münasibətilə xalqımızı təbrik etmişdi. Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu.
İlham Əliyevin və Mehriban Əliyevanın Şuşaya səfəri zamanı Füzuli hava limanının da təməli qoyuldu. Ümumiyyətlə, Füzuli-Şuşa yolunun çəkilişi, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması strateji əhəmiyyətlidir. Hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi bu ilə planlaşdırılır. Hava limanı işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında, yüklərin bölgəyə daşınmasında əhəmiyyətli rola malik olacaq. Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək.
Dəmir yollarına gəldikdə, artıq bu istiqamətdə də ilkin layihələrin icrasına başlanılıb. Prezident İlham Əliyevin «Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında» 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə ümumi uzunluğu 45 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılıb.
Fevral ayının 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfər etdilər. Bu dövlət başçısının işğaldan azad olunan rayonlara artıq 5-ci səfəri idi. Qısa müddət ərzində Qarabağ bölgəsinə 5 səfərin edilməsi göstərir ki, İlham Əliyevin Qarabağın dirçəldilməsinə, yenidən qurulmasına necə böyük diqqətlə və həssaslıqla yanaşır. Ən mühümü odur ki, Prezidentin hər səfəri yeni infrastruktur layihələrinin təməlinin qoyulması ilə əlamətdar. İlham Əliyevin iştirakı ilə Laçında su elektrik stansiyasının istifadəyə verilməsi Qarabağda icrası başa çatdırılan ilk infrastruktur oldu. Bu isə bir daha təsdiq etdi ki, işğaldan azad olunmuş ərazilərimiz sürətlə bərpa ediləcək, Qarabağa Böyük Qayıdış ən yüksək səviyyədə həyata keçiriləcək.
Dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri azad edilmiş torpaqların "yaşıl enerji” zonası olmasıdır. Qarabağ bölgəsində enerjinin ekoloji baxımdan təmiz əldə edilməsi üçün münbit imkanlar var. Bu ərazilərdə həm külək, həm də günəş enerjiləri üçün potensial böyükdür. O cümlədən azad olunmuş ərazilərdəki çaylar ucuz və ekoloji baxımdan təmiz olan su elektrik stansiyalarının da yaradılması üçün əlverişlidir.
Onu da qeyd edim ki, bütün yaşayış məskənlərimiz nəinki yenidən qurulacaq, hətta işğaldan azad olunmuş ərazilərdə "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq. İlk "ağıllı kənd” layihəsi isə Zəngilan rayonunda həyata keçiriləcək.
Fevrlanı 14-də Prezidentin iştirakı ilə Füzili rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm hadisədir. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.
Azad olunmuş ərazilərin zəngin iqtisadi potensialı var
İşğaldan azad edilmiş hər bir rayonumuz zəngin iqtisadi potensiala, həmçinin kənd təsərrüfatı baxımından böyük imkanlara malikdir. Qeyd edim ki, həmin ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. İşğal altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, onun çox az qismindən istifadə edilib. Belə ki, çayların əsasən şimalda yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib.
İndi isə vəziyyət dəyişib və xalqımız artıq öz torpaqlarına qayıdır. Bu baxımdan perspektivdə əsas vəzifələrdən biri azad olunmuş torpaqlarımızın kənd təsərrüfatına cəlb edilməsi olacaq. Bu torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensial var. Əlbəttə bunun üçün birinci növbədə həmin ərazilər minalardan təmizlənməlidir.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü daha yüksək səviyyədə təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcəkdir ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq. Bütün bunlar Azərbaycanda emal və ərzaq sənayesinin inkişafına da böyük töhfə verəcək.
Ərazilərin işğal altında saxlanılması Ermənistana digər iqtisadi sferalarda da fayda gətirməyib. Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olmasına, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları kimi çox yayılan faydalı qazıntılara malik olmasına, habelə geniş kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Düzdür, Kəlbəcərdə, Zəngilanda və başqa ərazilərimizdə kustar üsullarla və ətraf mühitə ziyan vurmaqla faydalı qazıntılarımız talanıb və buna görə Ermənistan cavab verəcək. Bütövlükdə isə Qarabağ bölgəsi təbii ehtiyatlarla zəngindir və onların hasilatı Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcək.
Qeyd edim ki, "AzerGold” QSC və Azərbaycan Sənaye Korporasiyası bu ehtiyatların hasilatı və emalını həyata keçirə biləcək təcrübə, ixtisaslı kadr, ixrac və investisiya imkanlarına sahibdir. Beləliklə, yeni təbii resursların dövriyyəyə cəlb edilməsi Azərbaycanın qərb bölgəsinin inkişafında, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişində mühüm rol oynayacaq.
Saf havası, gözəl təbiəti olan Qarabağ tək Azərbaycanın deyil, dünyanın ən füsunkar yerlərindən biridir. Ona görə Qarabağın iqtisadiyyatının dirçəlişi bu bölgədə hər şeydən əvvəl turizm üçün geniş imkanlar açır. Qarabağ kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Ermənistanın bu istiqamətdə həyata keçirmək istədiyi layihələrin hamısı hədər gedib. Çünki, bütün dünya işğal olunmuş əraziləri Azərbaycan torpaqları kimi tanıyıb və buna görə heç vaxt turizm sənayesinin diqqətini çəkməyib. Amma indi Azərbaycan Qarabağı geri alıb və bu ərazilərin təbiəti, resursları turizmin inkişafı üçün böyük imkanlar yaradır.
2021-ci ilin dövlət büdcəsinin də əsas xüsusiyyətlərindən biri zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır. Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədi ilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. İndiyədək görülən işlər və büdcədə ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var.
Qarabağ Dirçəliş Fondunun hədəfləri
İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb olunmasını təmin edəcək. Fondun vəsaitləri isə fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Bu Fondun yaradılması təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətlidir. Əgər müharibə günlərində xalqımızın birlik rəmzi olan "dəmir yumruq” hamını birləşdirib düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları Qarabağın dirçəldilməsi ətrafında yenidən birləşdirir.
İnsanlarımızın həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər Qarabağın bərpasında, yenidənqurulmasında paylarının olması ilə fəxr edəcəklər. Tarixən belə olub: əsgər canı, qanı, digəri əməyi, başqa birisi maddi vəsaiti, sözü ilə Vətənə və dövlətə xidmət edib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz artıq öz sözünü deyib. İndi söz bütün xalqındır. İlham Əliyevin liderliyi ilə Qarabağın dirçəldilməsi çox qısa müddətdə təmin olunacaq. Bu prosesin tez başa çatması bizlərin də iştirakından əhəmiyyətli dərəcədə asılıdır.
Qarabağ xarici investorlar üçün də cəlbedici olacaq
Ölkənin təbii sərvətlərindən dövlət və xalqın mənafeyi üçün istifadə olunması praktikası Azərbaycan dövlətçiliyində artıq mövcuddur. İllərdir ki, neftdən gələn gəlirlər respublikamızda qeyri-neft sektorunun inkişafına, sosial problemlərin həllinə, müasir infrastrukturun yaradılmasına yönəldilib.
Əlbəttə ki, Qarabağın yenidən qurulmasında da təbii sərvətlərdən əldə olunan gəlirlər böyük rol oynayacaq. Dövlət Neft Fondunun ayırdığı maliyyə vəsaitləri hesabına xətti ilə qaçqın və məcburi köçkünlər üçün şəhərciklərin salınmasına dair çoxillik təcrübə də mövcuddur.
Bütün bunlarla yanaşı işğaldan azad edilmiş Qarabağ hazırda xarici investorlar üçün də cəlbedici məkandır. Azərbaycanın bu sahədə də təcrübəsi var. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasından sonra dünyanın tanınmış neft şirkətləri Azərbaycanda neft sahəsinə sərmayələr qoydular. Bu gün dünyanın bütün siyasi və iqtisadi dairələri Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. Bu baxımdan Qarabağa da sərmayələrin qoyulması xarici iqtisadi dairələr üçün yeni işgüzar fürsətlər olacaq. Təbii ki, bu istiqamətdə əsasən dost və qardaş dövlətlərin şirkətləri ilə əməkdaşlığa daha çox yer veriləcək.
Azərbaycan hətta əraziləri işğal altında olduğu illərdə də etibarlı tərəfdaş, regionda sabitliyin əsas qarantı idi. İndi vəziyyət Azərbaycanın xeyrinə daha əlverişli, daha da cəlbedici olub. Bu baxımdan əsas vəzifələrdən biri hərəkətə keçmək və xarici investorları Azərbaycanın maraqları baxımından Qarabağa cəlb etməkdir.
Torpaqlarımızın azad olunmasından sonra Qarabağa qayıdışla bağlı bəzi xoşagəlməz söz-söhbətlər də meydana çıxıb. Bu da ondan ibarətdir ki, bəziləri məcburi köçkünlərin yurdlarına qayıtmayacaqlarını iddia edirlər. Öncə onu qeyd edim ki, hər bir Azərbaycan vətəndaşınıın ölkənin istənilən bölgəsində yaşamaq, iş qurmaq, mülkiyyət əldə etmək hüququ var. Lənkəranlının, naxçıvanlının, şuirvanlının, qubalının, eləcə də başqa bölgə sahiblərinin Bakıda - ölkənin paytaxtında yaşamaq hüququ varsa, qarabağlının niyə olmasın?
İkincisi, 27 il böyük müddətdir. 1993-cü ildə doğulanlar gözlərini fərqli məkanlarda dünyaya açıblar. Məcburi köçkünlərin övladları fərqli çoğrafiyada, fərqli mühitdə böyüyüblər. Onlardan ata-baba yurdlarına qayıtmağı tələb etmək mənəvi baxımdan düz deyil.
Üçüncüsü isə, işğaldan azad olunan ərazilər öz təbiəti, havası, suyu ilə Azərbaycanın ən gözəl bölgələrindən biridir. Ona görə məcburi köçkünlərlə yanaşı, gözləmək olar ki, digər şəhər və rayonlardan olan vətəndaşlarımızın da köçüb Qarabağda yaşayacaqlar. Bir sözlə, Qarabağa köç danılmazdır - özü də Azərbaycanın hər tərəfindən.
Xüsusi nümayəndəliklər idarəetmədə çevikliyin artırılmasına xidmət edir
Onu da qeyd edim ki, azad olunmuş ərazilərin yenidən qurulması bu ərazilər üzrə təkmil və səmərəli idarəetmə sisteminin yaradılmasını da zəruri edir. Prezident İlham Əliyevin 19 yavar tarixli Fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilməsi də məhz bu məqsədə xidmət edir.
Fərmanda da deyildiyi kimi xüsusi nümayəndəliklərin təsis edilməsində məqsəd azad olunmuş şəhər və rayonların dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.
Xüsusi nümayəndəlik institutunun yaradılması azad edilən ərazilərdə həyata keçirilən idarəetmə islahatlarının ən vacibidir. Qısa zaman ərzində xüsusi nümayəndəlik institutunun Əsasnaməsi də hazırlanıb və təsdiq olunub. Əsasnamədən də göründüyü kimi, xüsusi nümayəndələr işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir. Sənəddə nümayəndəliklərin statusu, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri müəyyən edilib, onların fəaliyyətinin təşkili məsələləri tənzimlənib, xüsusi nümayəndəliklərə müvafiq inzibati ərazi vahidlərində bir sıra məsələlər, o cümlədən ərazilərin perspektiv inkişafının təmin edilməsi, mülkiyyətin mühafizəsi, dövlət və bələdiyyə əmlakından səmərəli istifadə olunması, sahibkarlıq, şəhərsalma, tikinti fəaliyyətinin təşkili, ətraf mühitin qorunması, nəqliyyat və yol infrastrukturunun inkişafı və digər məsələlər həvalə olunub.
Artıq ilk xüsusi nümayəndə Şuşa şəhərinə təyin olunub. Hesab edirəm ki, xüsusi nümayəndəlik institutunun təsis olunması və mülki idarəetmənin yaradılması işğal olunmuş ərazilərin yenidən qurulması istiqamətində qarşıya qoyulan vəzifələrin çevik şəkildə yerinə yetirilməsində müstəsna rol oynayacaq.
İlham ƏLİYEV: «Unutmasınlar ki, dəmir yumruq yerindədir»
Hazırda Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının göstəricisi olan 10 noyabr bəyanatının şərtləri yerinə yetirilir. Düzdür, Ermənistan daxilində buna qarşı çıxan, üçtərəfli bəyanatı qəbul etmək istəməyən qüvvələr var. Lakin Prezident İlham Əliyevin dediyi kimi müharibə onların yadından çıxmamalıdır və unutmasınlar ki, dəmir yumruq yerindədir.
Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün də məqsədi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması idi. Bütün bunlar isə regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir ki, bu da Azərbaycanın maraqlarına uyğundur.
Moskvada aparılan üçtərəfli danışıqlardan sonra imzalanan Bəyanat bir daha ona dəlalət etdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Çünki Bəyanat 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlıdır. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədidə yeni nəqliyyat kommunikasiyalarının inşasını nəzərdə tutur. Artıq bu istiqamətdə əməli fəaliyyətə start verilib.
44 günlük ikinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Bu qələbəni xalqımıza yaşadan, ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyevin Qarabağın yenidən qurulması ilə bağlı planları böyükdür. Artıq Şuşa məsələsində xalqımız gördü ki, Prezident azad olunmuş torpaqların yenidən qurulmasına necə dərin həssaslıqla yanaşır. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün əraziərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaq.



