"Savaş sülh dövründə qazanılır. Dağlıq Qarabağ savaşından çıxarılacaq ən önəmli dərs budur. Azərbaycan bu savaşı 45 gündə qazanmadı, 30 il üstəgəl 45 gündə qazandı. 30 illik hərbi strategiyanı müəyyənləşdirmə, buna uyğun qüvvə cəmləşdirmə və hərbə hazırlıq prosesinin hədəfə yönələn, planlı və uğurlu şəkildə aparıldığı anlaşılmaqdadır”,-Türkiyə ordusunun istefada olan generalı, hərbi ekspert və professor Cihangir Dumanlı özünün "Cümhuriyyet” qəzetində dərc edilmiş köşə yazısında bildirir.
General C.Dumanlı xatırladır ki, Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə paralel olaraq ordusuna da daha çox maliyyə qaynağı ayırdı. Ermənistanın hərbi büdcəsi cəmi 480 milyon dollar olduğu halda Azərbaycanın illik hərbi büdcəsi 2 milyard dollardan çox idi. "Bundan əlavə Azərbaycan Türkiyənin hərbi-texniki yardımları ilə öz ordusunu modernizə etdi”,-general yazır.
C.Dumanlı Atatürkün sözlərini sitat gətirir: "Bir ordunun qiyməti zabit və komanda heyətinin dəyəri ilə ölçülür”. Və əlavə edir ki, Atatürkün müharibə təcrübələrinə əsaslanaraq dediyi bu sözlər Qarabağ savaşında da sübut olunub. "Azərbaycan ordusunun qələbəsində ön xətdə savaşan qəhrəman əsgərlərin rolu azaldıla bilməz, amma birliklərini hərbə hazırlayan, savaşı planlaşdıran, idarə edən zabit və komanda heyətinin rolu da olduqca önəmlidir”,-müəllif bildirir.
C.Dumanlı qeyd edir ki, Türkiyənin tarixində 1912-ci il Balkan müharibələrində məğlubiyyətdən üç il sonra həmin ordu ilə 1915-ci il Çanakkala qələbəsinin əldə edilməsi zabit heyətinin peşəkarlığının yüksəldilməsi sayəsində mümkün olmuşdu. Buna bənzər şəkildə 27 il əvvəl Ermənistan ordusu qarşısında torpaqlarını itirən Azərbaycanın indi torpaqlarını geri alması zabit heyətinin peşəkarlığı ilə izah edilməlidir.
"Son Qarabağ savaşında Azərbaycan ordusunda müxtəlif səviyyələrdə komanda məntəqələrində yer alan zabit və generalların əksəriyyəti Türkiyə Silahlı Qüvvələrinin zabitləri tərəfindən hazırlanıb. Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq müqaviləsi əsasında Türkiyə zabitləri Azərbaycanın hərbi məktəblərində və akademiyalarında tədrislə məşğul olub, müxtəlif komandanlıqlarda Türkiyə Silahlı Qüvvələrinin seçilmiş zabitləri müşavirlik edib”,-Dumanlı bildirir.
Müəllif nüfuzlu analilitik Clauseviçin "On War” adlı kitabında müharibədə qələbənin üç amili barədə yazdıqlarından da sitat gətirir: "İqtidar-ordu-xalq birliyi qələbə gətirir”. Və qeyd edir ki, Türkiyənin azadlıq savaşı da bu üçbücaq sayəsində qazanılıb. "Son Qarabağ savaşında da bu nəzəriyyənin doğruluğu sübut olundu. Azərbaycan xalqı Ali baş komandan İlham Əliyevin liderliyində ordusu ilə bütövləşdi və zəfəri əldə etdi. Ermənistanda isə bunun tam tərsi olan vəziyyət hökm sürürdü”,-C.Dumanlı qeyd edir.



