Müdafiə Nazirliyi son vaxtlar qarşılaşdıqları müxtəlif problemlərlə bağlı sosial şəbəkələrdə şikayət videoları paylaşan müharibə iştirakçılarına müraciət edib. Onları üzləşdikləri, narazı qaldıqları məsələlər barədə sosial şəbəkələr üzərindən müraciət yaymaq əvəzinə Müdafiə Nazirliyinin yaratdığı xüsusi komissiyaya müraciət etməyə çağırıb. ("Report")
"Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı, düşmənlərimizin maraqlarına xidmət edir",-nazirlik bildirir.
Müdafiə Nazirliyi əlavə edir ki, sosial şəbəkələrdə videolar paylaşmaqla edilən müraciətlərin həll olunmasında çətinliklər yaranır, çünki həmin müraciətlərin çoxu anonimdir.
"Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib. Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar", - MN bildirir.



