Səfər proqramının zəngin olacağı məlumdur, bu haqda danışıb zamanı qabaqlamaq istəmirəm.
Qalib və Müzəffər Prezidentin Qazi Məclisdə çıxış etməsi arzularım arasındadır.
Diqqət çəkmək istədiyim əsas məqam isə başqadır. Məlumdur, Türkiyədə köşə yazarları siyasi hakimiyyət və ölkə ictimaiyyəti üzərində böyük təsirə malikdirlər. Köşə yazarlığı bir institut kimi formalaşıb və ölkənin ictimai rəyi məhz onun sayəsində formalaşır. 44 günlük Vətən Müharibəmizdə və sonrakı dövrdə Türkiyə mətbuatının hansı siyasi cinahda olmasından asılı olmayaraq( HDP xaric) bütün köşə yazarlarının Azərbaycana qeyd-şərtsiz dəstəyinin şahidi olduq. Azərbaycanın haqlı davası aylarla Türkiyə mətbuatının gündəmindən düşmədi, çox məşhur jurnalistlər demək olar ki, hər gün Qarabağ məsələsini öz köşələrinə daşıdılar, birmənalı dəstək nümayiş etdirdilər. Qeyri hallarda siyasi və ya digər görüş fərqliliyi səbəbiylə bir-biri ilə çəkişən jurnalistlər Azərbaycan məsələsində uzlaşdılar.
Qürurla izlədik!
Buna görə də Cənab Prezidentin Türkiyə səfəri əsnasında bu kimi qələm sahibləri ilə görüş və ya ziyafət təşkil olunması məqsədəuyğun olardı...
Çünki qardaş ölkənin haqq səsimizi dünyaya hayqıran usta qələmləri bəzi məqamlardan gileylənirlər. Aralarında baş redaktorların da olduğu bir neçə köşə yazarı artıq mənə zəng edib...
Müharibə bitib və ya müharibələr bitir, amma informasiya müharibələri əsla bitməycək...
Etinasız davranışlar dəyərli dostlarımızı itirməklə nəticələnə bilər...
Bəhruz Həsənov



