Məlumdur ki, son günlər, daha düzü son illərin təcrübəsində xəyanət halının baş verməsi faktı ilə ərlərin arvadlarının xəyanət videolarını yayması dəb halı alıb. Bu hal cəmiyyətdə mənfi tendensiya yaradıb desək yəqin ki, yanılmarıq.
Bəs Azərbaycan mentalitetində ailənin qeyrət nümayəndəsi hesab edilən şəxsin öz doğma, halal arvadının, uşaqlarının anasının xəyanət videsounu (xəyanət halı baş versə belə) yaymaqda məqsədi nədir? Daha açıq ifadə etsək, bir Azərbaycan kişisinə bu hərəkət yaraşırmı?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Əfsanə Rüstəmova danışıb. Psixoloq mövzuya təktərəfli yanaşmayaraq, ötən illərdə qadının boşanmasına pis baxıldığı kimi, indiki dövrdə də kişilərin boşanmasına cəmiyyət tərəfindən fərqli baxış olduğunu açıqlayıb. Bunun doğru yanaşma olmadığını vurğulayan Əfsanə Rüstəmova bəhs edilən mövzuda mental dəyərlərimizin rol oynadığını, cəmiyyətimizin bu günkü baxış bucağının bunu tələb etdiyini bildirib:
"8 ildən çox boşanmış ailələrlə işləmişəm. Araşdırma göstərir ki, boşanma təkcə qadına travma vermir. Əvvələr boşanan qadına həmişə pis qadın kimi baxılırdı və ona basqa məqsədlə yanaşılırdı. Hazırkı dönəmdə boşanmış kişilər də yaxşı mövqedə deyil. Adətən elə kişilər haqqqında "yaxşı kişi olsa, öz arvadının yanında olardı, arvadını boşamazdı" fikirləri dolaşır. Həm də "biz də onsuz da yola getmirik, amma biz boşanmırıq", "onun genində problem var" kimi misallar çəkilir. Elə insanlar kiminsə qapısına elçi gedərkən onlara yaxşı baxılmır. Çünki artıq Azərbaycanda kişinin boşanarkən narkoman, qadının əxlaqsız olması zarafat mövzusuna çevrilib. Qeyd edim ki, bu hardasa doğruluq payı olan məsələdir. Bunların fonunda kişinin yenidən ailə qurması üçün sübüt hissi baş qaldırır. Yəni, o öz mövqeyini təmizə çıxarmalıdır ki, "mən pis kişi olduğum üçün deyil, pis şeylə qarşılaşdığım üçün qadınımı boşamışam". Əlbəttə, bu doğru yanaşma deyil, amma mental dəyərlərimiz, cəmiyyətimizin bu günkü baxış bucağı bunu tələb edir".
Psixoloq Əfsanə Rüstəmova xəyanətlə qarşılaşan kişinin həmin anları əks etdirən videonu çəkib sosial şəbəkələrdə yaymasını onun özünü təmizə çıxarmaq, qarşı tərəfi alçaltmaq məqsədi daşıdığını deyib. Psixoloq qeyd edib ki, belə videoları yayan şəxsə ətrafdakı insanların inanma ehtimalı çox zəif olur:
"Hansı kişi desə ki, arvadımı kiminləsə tutmuşam, ətrafdakı insanların buna inanma ehtimalı çox zəif olur. Həm də çətini cəmiyyətdə bir nəfərin bunu etməsinə qədərdir. Kişinin belə videonu çəkməklə məqsədi öz ailəsini qarşı tərəfin ailəsi qarşısında yüksəyə çıxarıb, digər ailənin namusunu alçaltmaqdır. Biz əslində başqasını əzəndə özümüzün üstə çıxdığımızı düşünürük. Belə şeyləri paylaşanda isə düşünürük ki, bütün insanlar ona dəstək olacaq. Bu əslində cəmiyyətin yaratdığı psixoloji durumun əksidir".
Ailədəki partnyorların cinsi münasibətlərinin uyğun gəlməməsi ailədə xəyanətədək gətirib çıxara bilərmi? Yəni partnyorların bir- birinə qarşı cinsi uyğunsuzluğu xəyanət halının olmasına rəvac verə bilərmi?
Bununla bağlı suala münasibət bildirən psixoloq Əfsanə Rüstəmova cinsi partnyorların bir- birini tamamlamasında problemin xəyanətə, sözügedən videorolikin çəkilməsinədən gətirib çıxarmamasını, baş verən hadisədə eqonun rolunun olduğunu bildirib:
"Bu məqamın olub- olmamasının şantaj və ya videoçarxa çəkilməsiylə heç bir əlaqəsi yoxdur. Bu şəxsi eqonun razılaşmaması istiqamətində olan davranışdır. Azərbaycanda ümumiyyətlə cinsi tərbiyə yoxdur. Xaricdə kişinin penisi ilə qadının vagina yolunun uzunluğu ölçülür, onların doğru partnyor olub- olmaması testi edilir. Bu qədər dərinliyə qədər gedilib münasibətə başlanılır. Bizdə isə bakirəlik məsələsi və mental dəyərlərə görə bu ümumiyyətlə yolverilməzdir. Kiminsə yanında bu barədə deyəndə belə hətta sənin əxlaqına şübhə ilə yanaşırlar. Hansısa ailəyə "sizin cinsi münasibətiniz elə də uğurlu deyil deyə xəyanət edirsən" deyəndə həmin kişilər onun qadınının əxlaqını pozmaq istədiyini düşünüb tez qadınını həmin sözü deyən mütəxxəsisin yanından kənarlaşdırır. Halbuki həmin cütlüklərə məsələnin izahının davamını verə bilsən, münasibətlərinin fərqli yolları ilə tanış olsalar daha mariflənmiş cinsi münasibət yaşayarlar. Bununla da əslində xəyanətə heç bir gərək qalmaz".
Vəkil Mehman Muradlı isə mövzuya hüquqi müstəvidən nəzər salıb. Onun sözlərinə görə həmin tip videoların yayılmasında birinci cinayət məsuliyyəti yaradan amillər araşdırılır. Yəni videonun hansı məqsəd üçün yayılması məsuliyyət yaradan məqamdır:
"Konkret olaraq şəxsin ləyəqatindən söhbət gedir. Kişinin elədiyi bu kimi hərəkətlər bildirim ki, onun ləyaqətsizliyidir. Həmin videoda cinayət məsuliyyəti yaradan məqamlar olmalıdır. Videonu tək olaraq yaymaq faktiki olaraq cinayət məsuliyyəti yaratmır, mülki məsuliyyət yaradır. Videonun hansı formada yayılması məsələsi var. Kimsə arvadını şantaj da edə bilər. Şantaj məsələsi varsa, ortada tamam başqa hal, yəni cinayət məsuliyyəti olur. Hədə- qorxu ilə tələb edilmə yolu ilə rüsvayedici məlumatlar yaymaq özü xeyli miqdarda pul və digər halları tələb edir. Yayılan məlumatın xarakterindən asılı olaraq həbs cəzası müəyyənləşdirilir. Cinayət Məcəlləsinin 182- ci maddəsinin müəyyən bəndlərinə əsasən videonu yayan şəxsə 3 ildən 5 ilədək cəza düşür. Həmin maddənin digər müddəalarında əlaqəli şəxslərlə birləşib cinayəti törətmə kimi bəndləri də öz əksini tapır və bu sözügedən hadisədə dəyərləndirilir.
Şəxsi məlumatların yayılmasına görə minimum 3 il, maksimium 17 il cəza düşür".
Vətəninfo.az



