GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ALİM İSA HƏBİBBƏYLİ
Doğum gününüz mübarək!
Akademik İsa Həbibbəyli çağdaş Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsidir. Onun adı Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi Azərbaycan ədəbiyyat tədqiqatçlarının varisi, müasir ədəbiyyatşünaslıq elmimizin peşəkar tədqiqatçısı kimi şərəfli yerlərdən birini tutur.
İsa Həbibbəylinin yaradıcılıq yolu öz başlanğıcını həyatının ilk cağlarından almışdır. Şagird və tələbə ikən mətbuatda məqalə və şeirləri çap olunmuş, konfranslarda elmi çıxışlarına görə diplom almış, neçə-neçə alimin müsbət rəyini eşitmiş, institutda Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Demək istəyirirk ki, o uşaqlıq və gəncliyinin ilkin çağlarından ədəbi və elmi yaradıcılıq ab-havası ilə yaşamışdır.

İsa müəllim istər xalq içində, istər elmi ictimaiyyət nümayəndələri arasında nüfuz, hörmət qazanmış bir şəxsiyyətdir. Böyük hörmət bəslədiyim, özümə ustad saydığım, doktorluq müdafiəmdə birinci opponentim olmuş bu böyük insanın elmi məsləhətlərinə əməl etdikdə uğurlarımız daha da artır, o, yeni-yeni elmi əsərlər yaratmağımıza bizi ruhlandırır. Akademik İsa Həbibbəyli istər respublikamızda, istərsə də bir çox xarici ölkələrdə tanınan, hər yerdə dərin hörmət və ehtiramla qarşılanan, özü də son dərəcə qayğıkeş, xoşxasiyyət, xeyirxah insan, vətənsevər, doğma Azərbaycanımıza, dövlətə, dövlətçiliyə, xalqımızın milli mentalitetinə varlığıyla bağlı olan, dəyər verən görkəmli alimdir.
O, 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində tanınmış, Naxçıvan mahalında hörmət qazanmış Əkbər müəllimin ailəsində dünyaya göz açıb.
İsa Həbibbəyli Şərur rayonunun Oğlanqala kənd orta məktəbində oxuyarkən divar qəzetlərinə məqalə yazmaqla ilk addımlarını atıb. Çox keçmir ki, onun imzası respublika mətbuatında tez-tez görünür.
İsa Həbibbəyli 1971-ci ildə Naxçıvan Dövlət Universitetini fərqlənmə diplomu ilə başa vurub doğma kəndinə dönür, müəllimlik edir. Ancaq onu narahat edən elm yüksəliş yolu idi. Odur ki, bu istək və arzu onu yenidən 1975-ci ildə NDU-ya, sevimli müəllimlərinin sırasına gətirir və taleyini, varlığını bu elmi məbədgaha bağlayır. 1980-ci ildə isə Bakıda Nizami adına Ədəbiyyat İnstitutunda ixtisaslaşdırılmış şurada "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. 1982-ci ildə isə doktorluq dissertasiyası üçün gecəli-gündüzlü inadcıl axtarışlara başlayır. Bu elmi axtarışlar üçün İsa Həbibbəyli Moskva, Sankt-Peterburq, Kiyev, Tiflis, Odessa, Yasnaya Polyana, Qori, Ankara, Ərzurum, Təbriz kimi şəhərlərin arxiv və muzeylərində, kitabxanalarında, arxivşünaslıq fəaliyyətini davam etdirir. Uğurlu axtarışlar nəticəsində o, 1984-cü ildə C. Məmmədquluzadənin "Ər” pyesini, "Lənət” və "Oyunbazlar” adlı səhnəciklərini aşkara çıxarır. Bunlardan başqa, dünyanın müxtəlif ölkələrində yaşamış Mirzə Cəlil nəslinin yadigarları - Midhət, Teymur, İrena Cavanşirilər və Məhini axtaran tapan və tanıdan da İsa Həbibbəylidir.

Topladığı dəyərli tədqiqat işlərinin yekunu olaraq, İsa Həbibbəyli 1996-cı ildə "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Ulu peyğəmbərimiz alimlərə yüksək qiymət verərək deyib: "Elmindən fayda gələn alim min abiddən üstündür”, "Elm öyrənən islamın dayağıdır”. İsa Həbibbəyli də bunu yaxşı başa düşür ki, alimin elmindən bütün xalq və ziyalılar faydalanır.
Alimin qiymətli elmi yeniliklərlə, nadir arxiv sənədləri ilə zəngin olan tədqiqat işləri öz əhəmiyyəti və elmi qənaətləri ilə seçilir və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Şübhəsiz ki, bu elmi araşdırmalar onun zəhmət dolu şərəfli, ömür yolunun meyvələridir..
Professor Yusif Seyidov yazır:” İsa Həbibbəylinin ədəbi irsinin toplanması, sistemə salınması və çapı işi sahəsindəki fəaliyətində birinci yeri Cəlil Məmmədquluzadənin əsərləri tutur. O, təkcə ədibin üzdə olan, bu və ya digər kitaba düşmüş əsərlərini deyil, işıq üzü görməyən, orda-burda gizlənib qalan, nəinki adı oxucuya, hətta tədqiqatçılara da məlum olmayan onlarla əsərlərini meydana cıxararaq, oxucuların mütaliəsinə vermişdir.”
Ümumiyyətlə, İsa Həbibbəyli müxtəlif illərdə Bakıda "Çaşıoğlu” və "Çinar-çap” nəşriyyatında Cəlil Məmmədquluzadənin bir çildlik "Seçilmiş əsərləri”ni müqəddimə və izahlarla çap etdirmişdir. 2009-cu ildə ədibin "Seçilmiş əsərləri”nin iki cildliyi də İsa Həbibbəyli tərəfindən çapa hazırlanmışdır. İsa Həbibbəylinin böyük demokrat ədibin əsərlərini tanıtma yazıları ilə birlikdə Moskvada rus dilində, Misir Ərəb Respublikasında ərəb dilində, Pakistanda urdu dilində nəşr etdirilməsi əhəmiyyətli hadisədir.
1992-ci ildən başlayaraq İsa Həbibbəylinin elmi-pedaqoji fəaliyyəti yeni inkişaf mərhələsinə yetişir. 1992-ci ildə o, Naxçıvan Dövlət Universitetinun elmi işlər üzrə prorektoru vəzifəsinə irəli çəkilir. Belə ki, universitetdə aspirant şöbəsinin yaranmasına və dissertantların cəlb olunmasına, universitetdə müxtəlif strukturların inkişafına nail olur. 16 oktyabr 1996-cı ildən İsa Həbibbəyli NDU-ya rektor təyin edilir və ömrünü bu ali təhsil ocağına bağlayır. Onun bu ali təhsil ocağındakı zəhmətkeş və təşəbbüskar rektorluq fəaliyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin məmləkətimizə rəhbərlik etdiyi və təhsilin tərəqqisinə göstərdiyi diqqət və qayğı ilə bir vaxta düşür, bu isə NDU-nun tərəqqisində öz əksini tapır. İsa Həbibbəyli bu təhsil ocağındakı fəaliyyətində dövlətçilik mövqeyini dəstəkləyir, dahi öndərin böyük ideyalarını NDU-da uğurla gerçəkləşdirir.
Avropa Rektorlar Klubunun və Asiya Universitetləri Assosiasiyasının üzvü olan, Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasına seçilən, "Minilliyin universiteti” kimi beynəlxalq mükafata layiq görülən Naxçıvan Dğvlət Universiteti dövlətin böyük qayğısı ilə məhz onun təhsil tariximizə yazdığı şah əsəridir. Akademik İsa Həbibbəyli universitetdə oxuyan tələbələrin, müəllimlərin və bütün əməkdaşların ən yaxın məsləhətçisi, arxa və dayağı olmuşdur. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalitlər Birliyininnin üzvü İsa Həbibbəyli yaradıcılığa olan sonsuz məhəbbəti ilə elmin tərəqqisi uğrunda filoloq-alim kimi çox əmək sərf edir, özünün elmi yenilikləri ilə hamını sevindirir.
Bu tərəqqi və yeniliklər məcrasında XX əsr ədəbi-ictimai fikrinin C.Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, M.Şahtaxtlı, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Mir Cəlal kimi simaların geniş elmi portretini yaratmağı İsa Həbibbəylinin böyük uğurudur. Müasir ədəbi prosesdən xalq yazıçıları Anar və Elçinin, xalq şairi Məmməd Arazın yaradıcılığı onun əsərlərində layiqli qiymətini alıb. Akademik İsa Həbibbəyli respublikamızda və beynəlxalq aləmdə ciddi elm xadimi, bacarıqlı təşkilatçılıq qabiliyyətinə malik ali məktəb rəhbəri kimi tanınır.
O, Təhsil Nazirliyi üzrə Rektorlar Şurasının, Azərbaycan Milli Ensiklopediyasının "Naxçıvan”, "Cəlil Məmmədquluzadə” və "Hüseyn Cavid” ensiklopediyasının respublikamızda və Türkiyədə nəşr olunan, o cümlədən, bir çox mətbuat orqanlarının üzvü və baş redaktorudur.
Bir alim kimi İsa Həbibbəyli Azərbaycan nümayəndə heyətinin tərkibində İraqda keçirilmiş Füzuli günlərində, İranın Marağa şəhərində keçirilən beynəlxalq Əhvədi konqresində, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən III uluslararası Atatürk simpoziumunda, Başqırdıstanda türkoloqların beynəlxalq konqresində, Fransada YUNESKO-nun iqamətgahında keçirilən Dədə-Qorqud günlərində, Türkiyədə bir çox elmi konfrans və simpoziumlarında elmimizi layiqincə təmsil etmişdir. Bir şəxsiyyət kimi, İsa Həbibbəyli harada olursa-olsun, vətənə məhəbbət və yurdunun sevgisini ürəyində yaşadır. O, fəxr edir ki, Azərbaycan torpağının alim-oğludur. Azərbaycan torpağının alim oğlu bir çox beynəlxalq, xarici ölkələrin ali təhsil ocaqlarının - 1999-cu ildə Atatürk Araşdırma Mərkəzi üzrə Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü, Nyu-York EA-nın həqiqi üzvü və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, 2003-cü ildə AMEA-nın həqiqi üzvü, 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib.
Akademik İsa Həbibbəylinin fəaliyyəti həm də ictimai xadim kimi respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etməsi ilə də qiymətlidir. O, 1998-ci ildə Heydər Əliyevin Azərbaycanda Prezident seçkilərində, 2003-ci ildə İlham Əliyevin vəkili kimi MR-də geniş ictimai iş aparıb. O, iki çağırış Naxçıvan Ali Məclisinin deputatı seçilib, 2005-ci ildən isə AR Milli Məclisinin deputatı kimi təhsilin inkişafı yolunda əzmlə fəaliyyət göstərir. Elm və Təhsil Komitəsinin sədri kimi İsa Həbibbəyli "Elm haqqında” məktəbəqədər "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinə nail olub. İsa Həbibbəyli bir alim və dövlət xadimi kimi milli ədəbiyyatımıza, mədəniyyətimizə qiymətli töhfələr verən və ictimai, humanitar fikrin təbliğində özünə layiqli yer tutan ictimai xadimdir. Onun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1999-cu ildə "Əməkdar elm xadimi”, 2007-ci ildə "Şöhrət” ordeni və 2009-cu ilin avqust ayında "Şərəf” ordeni ilə təltif olunub. 2009-cu ildə Onun adı "XX-XXI əsr yaradıcı ziyalıları” ensiklopediyasında layiqli yer tutub. İsa Həbibbəylinin ədəbi-nəzəri tezislərindən biri ədəbi əlaqələrin ədəbiyyatşünaslıq elminin müstəqil sahəsi hesab edilməsi müdəassına əsaslanır. Alimin bu məsələlər üzrə tədqiqatları, ümumən ədəbi əlaqələrin tarixinə və müasir vəziyyətinə diqqəti onun bu fikrə gəlməsinə səbəb olmuşdur. Alimin ədəbi əlaqələr mövzusunda maraqlı məqalələri var: "Azərbaycan maarifçi ədəbi mühiti və Puşkin”, "Ernest Hemenquey irsinə böyük maraq”, "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələrinin inkişaf mərhələləri”. "Görkəmli Qafqazşünas Rudolf İvanov və Azərbaycan”və s.
İsa Həbibbəylinin "Nazim Hikmət Azərbaycanda”, "Yaşayan ənənələr”, "Cavad Heyət gerçəkliyi” kimi tədqiqatları ədəbi-elmi əlaqələrin aktual problemlərinə həsr olunmuşdur.
İsa Həbibbəylinin məqalələrindən biri "Molla Nəsrəddin” ədəbi məktəbi və "Mollanəsrəddinçilik” adlanır. İsa Həbibbəyli "Molla Nəsrəddin” jurnalını belə qiymətləndirir: "”Molla Nəsrəddin” dərgisi ilə Azərbaycan milli satirik mətbuatın və tənqidi-realist ədəbiyyatın əsası qoyulmuşdur”.
Akademik İ.Həbibbəylinin mənalı ömür yolu bugünkü gənclər üçün örnəkdir. Elmin zirvəsində olan akademik İsa Həbibbəyli ilə şəxsən mən fəxr edirəm. Fəxr edirəm ki,belə nüfuzlu alimlə çiyin-çiyinə,onun rəhbərliyi altında çalışıram. İyirmi ilə yaxındır ki, bu böyük alimlə tanışam.Bu tanışlıq 14 yaş fərqinə baxmayaraq dostluq səviyyəsinə yüksəlib.Bu yaxınlarda qəbuluna getdim,ayağa qalxıb qarşıladı. Problemi deyib otaqdan çıxdım. İsa müəllimin təvazökarlığından utandım ki, gərək bu yaxşı kişini bir də narahat eləməzdim. Onun rəhbərlik etdiyi Müdafiə Şurasının üzvüyəm. Akademikin yüksək mədəniyyəti, sadəliyi hamımıza nümunədir. İsa müəllimlə qürur duyuruq. Millət vəkili-Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik, İsa Həbibbəyli dünyanın, Azərbaycanımızın ən müdrik insanlarındandır. İsa Həbibbəyli Azərbaycan elminə, Azərbaycan filologiyasına yeni nəfəs gətirən böyük alimdir;bugünki elmimizə istiqamət verən tədqiqatçıdır.
Dörd il bundan öncə "Spase"kanalı mənim 50 illiyimlə bağlı veriliş edəndə İsa müəllimə zəng vurub deyiblər ki, ürək sözlərinizi eşitmək istəyirik. Deyib:- "Böyük məmnuniyyətlə”. Ustad gözəl də çıxış elədi, yaradıcılığıma yüksək qiymət verdi. Haqqımda ötən il Rasim Nəbioğlu və Müşfiq Cabiroğlu monoqrafiya yazmışdılar.Müəlliflər kitabı İsa müəllimə təqdim edəndə deyib ki, "Vüqar haqqında kitab yazmağa dəyər, onun bütün uğurlarına sevinirəm”. Şöhrətli alimlər-akademik Akif Əlizadə, İsa Həbibbəyli AMEA-ya rəhbərliyə gələndən sonra Akademiyada canlanma hamının ürəyincədir.Başda Akif müəllim başda olmaqla bütün rəhbərlik yorulmadan elmimizin inkişafı üçün çalışır.Sakit,passivləşmiş bu elmi qurum qaynar bir sahəyə çevrildi.Hamımız aktivləşmişik. İşə həvəslə gəlir, həvəslə çalışırıq.
Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu yenidən qurub. Ötən dörd il ərzində Ədəbiyyat İnstitutunda Ədəbi tənqid, Nizamişünaslıq, Mətbuat tarixi və publisistikası, Azərbaycan mühacirət ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı kimi elmi-tədqiqat və Nəşriyyat və proqnozlaşdırma, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqə adlı köməkçi şöbələr yaradılıb. Yeni qurumlar ədəbiyyatşünaslıq elminin daha da inkişaf etdirilməsinə yol açır. İnstitutun "Elektron Akt zalı” elmi fikrin mərkəzinə çevrilib. Yaradılan yeni jurnallar respublikada nüfuz qazanıb.

Ötən il oktyabrın 29-da AMEA tarixində ilk dəfə olaraq İsa müəllimin ideya müəllifi olduğu və Ədəbiyyat İnstitutundakı tədqiqatçıları öz ətrafına toplayan "Ədəbiyyatşünaslıq, plyus" Yaradıcılıq Birliyi yaradıldı. Elmi Şuranın qərarı ilə Birlik təsis olundu və mən bu yaradıcı quruma sədr təyin edildim. Ədəbiyyatşünas alimlərin bədii yaradıcılığından ibarət ilk kitab-toplu İsa Həbibbəylinin təşəbbüsü və "Ön söz”ü ilə çap olundu. Kitaba 30-a yaxın müəllifin nəsr, poeziya və tərcümə yaradıcılığından nümunələr daxil edilib.Var olsun beyni ideyalarla zəngin, ədəbi-bədii təfəkkürü geniş, ensiklopedik biliyi hüdudsuz akadekimimiz!Allah onu qorusun!
Vüqar Əhməd
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun baş elmi işçisi, filologiya elmləri doktoru,professor
