Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup ziyalılarımızın xahişi ilə Azərbaycanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının inkişafında xüsusi xidmətləri olan, əsassız ittihamlarla 19 il sürgün həyatı yaşayan, böyük Hüseyn Cavidin kamera yoldaşı olmuş Ələkbər Seyfinin xatirə-barelyefinin bərpa olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova rəsmi müraciət etmişdir. Komitə sədri Niyazi Bayramovla bu məsələnin həlli ilə bağlı telefon əlaqəsi yaratmış və icra başçısı müraciətə həssas yanaşdığını bildirərək bu məsələnin müsbət həll olunacağını bildirmişdir. Qənirə Paşayeva bu məsələ ilə bağlı müraciətinə həssas yanaşıldığı üçün Niyazi Bayramova təşəkkürünü bildirmişdir.
Ələkbər Seyfi Gəncə Dövlət Dram Teatrı üçün 19 il sürgün həyatı yaşayıb. Beləki Gəncə Dövlət Dram Teatrının indiki binası 1895-ci ildə Foreren qardaşları tərəfindən bir mərtəbəli çaxır anbarı təyinatı ilə tikilib. 1932-ci ilin dekabr ayının 15-də Bakı Türk İşçi Teatrının yaradıcı kollektivi Gəncəyə köçürülən zaman ayrıca binaları olmayıb və mədəniyyət evlərində, klublarda fəaliyyət göstəriblər. 1935-36 -cı illərdə bu - qeyd edilən çaxır anbarı üçün tikilən bina, teatr üçün rekonstuksiya olunub. 1936-cı ildən Gəncə Dövlət Dram Teatrı sözügedən binada fəaliyyət göstərir. 1937-ci ildə xalq artisti Ələkbər Seyfini çox əsilsiz səkildə şərləyiblər ki, "bina rekonstuksiya olunanda bünövrəyə bomba qoymusan, partlayacaq". Bu minvalla Ələkbər Seyfi uzaq Sibirə sürgün olunub. 1956-cı ildə sürgündən qayıtdıqdan sonra Gəncə Dəmir Yolu vağzalında qarşılanarkən kollektivə ilk sualı bu olub. "Mənim qoyduğum bomba partlayıbmı?" - Altay Məmmədovun "Bomba" hekayəsi də buradan yaranıb. Ələkbər Seyfi xatirələrində yazır ki, "Mənim Sibirdə sürgündə olmağımın bir xoşbəxtliyi vardı ki, böyük Hüseyn Cavid mənimlə eyni kamerada yatırdı. Hüseyn Cavid mənim dizlərim üstə vəfat etdi." Ələkbər Seyfi sürgündən qayıtdıqdan sonra böyük Hüseyn Cavidin məzarının koordinatlarını Milli Təhlükəsizlik İdarəsinə bildirib (bu bilgiləri paylaşan ilk şəxs olub.) Bu faktlar əsasında Ümummilli liderimiz Heydər Əliyev böyük Cavidin məzarının yerinin dəqiqləşdirilməsini və sonra Azərbaycana gətirilib, doğma Naxçıvanda dəfn olunmasını təmin edib. İndi belə bir şəxsiyyətin - Gəncə teatrı (ümumən Azərbaycan mədəniyyəti) üçün 19 il sürgün həyatı yaşayan fədakar ziyalının xatirə-barilyefinin şəhərdə gedən təmir-bərpa işlərindən sonra təkrar yerinə qoyulmaması ziyalılarda ciddi narahatlıq doğurub. Bu məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya müraciət daxil olan kimi o, Milli Məclisin Mədəniyyət komitəsi adından əlaqədar dövlət orqanları, o cümlədən Gəncə şəhər İcra hakimiyyəti ilə ətraflı müzakirələr aparıb, rəsmi məktubla müraciət edib. İnşallah, mümkün olan ən yaxın zaman zərfində məsələnin öz müsbət həllini tapacağına inanırıq. Fədakar sənətkarımız Ələkbər Seyfi nur içində yatsın! Onu hər zaman sayğı, rəhmətlə anırıq və anacağıq.



