image-367512_res_01backend

Azərbaycan Rusiyada yaşayan iki erməni milyarderi və “Patron Davo”nu beynəlxalq axtarışa verdi

image-reklam_sirab_01

Azərbaycan hüquq-mühafizə orqanları ötən ilin payızında Qarabağda gedən müharibə zamanı işğal edilmiş ərazilərimizə qeyri-leqal yollarla silah-sursat daşınmasını təşkil edən üç erməni biznesmeni beynəlxalq axtarışa verib. Onlardan ikisi milyarderdir, Rusiyada yaşayır və hər ikisi Kremlə yaxındır.

Veteninfo.az xəbər verir ki,baş prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Ermənistana və oradan Azərbaycanın  Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla xüsusilə külli miqdar dəyərində silah-sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınması barədə  sosial şəbəkələrdə, bir sıra KİV-lərdə dərc edilmiş məlumatlar üzrə araşdırma aparılıb.

“Müəyyən edilib ki, biznes fəaliyyəti ilə məşğul olan, “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda “boz biznesmen” kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri  Ermənistan  silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük  Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli, yük daşıma təyinatlı təyyarə ilə – ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib, Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil edib”,-prokurorluq bildirir. Söhbət Rusiyada yaşayan erməni milyarder-oliqarx, “Taşir” qrupunun rəhbəri və dünyanın ən varlı ermənilərindən biri kimi tanınan Samvel Karapetyandan gedir. Digər milyarder Ara Abramyan da Rusiyada biznes fəaliyyəti ilə məşğuldur.

David Qalustyan isə Ermənistanda “Patron Davo” kimi tanınan silah alverçisidir, Müdafiə Nazirliyinin əsas silah podratçısı olub. Bildirilir ki, faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Həmin əməllərə görə Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

Cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən xarici ölkələrin aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatətlər göndərilib. Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki