Bakı yenə dünyanın diqqət mərkəzinə düşdü: Dünyanın iki fövqəldövlətinin ordu rəhbərləri Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə məhz Azərbaycan paytaxtında üz-üzə gəldilər.
Əslində belə bir görüş hələ 2017- ci ildə baş tutmuşdu. Və o da Bakıda. Həmin vaxt hərbi komandanlar Avropa və qlobal təhlükəsizlik, Rusiya-NATO təmas xəttində insidentlərin aradan qaldırılması üçün mümkün tədbirlər, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyada vəziyyət barədə fikir mübadiləsi aparmışdılar. Elə o vaxt məlum olmuşdu ki, görüşlər keçirmək üçün dünyada çoxlu ölkələr olduğu halda, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz ölkəmizin paytaxtı Bakıda keçirilməsi diplomatiyamızın uğurlu səhifələrindən biridir.
Elə bu dəfə də elədir.
Azərbaycan paytaxtının növbəti dəfə belə bir görüşə ev sahibliyi etməsi həm Avropa və ABŞ-ın, həm də Rusiyanın Azərbaycana yüksək etimadıdır. Politoloq
Elxan Şahinoğlu hesab edir ki, Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir: "Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. NATO isə Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan da Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir.
Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, görüşün Bakıya salınmasının bir neçə məqsədi var:
Birincisi, Bakı təhlükəsizlik baxımdan sabit və əlverişli şəhərdir, bura həmçinin görüşün detallarının məxfi saxlanılmasına paytaxtımızın qarant durması da daxildir.
İkincisi, Bakının beynəlxalq səviyyəli tədbirlərin, dialoqların keçirilməsində böyük təcrübəsi var.
Üçüncüsü, Azərbaycanın Rusiya və NATO-nun hərbi elitası ilə sıx münasibəti mövcuddur.
Politoloqun fikrincə, beynəlxalq münasibətlər sistemində "kiçik güc” anlayışına aid edilən Azərbaycan həm coğrafi mənada, həm siyasi anlamada geopolitik üstünlüyə və qlobal imicə malikdir.
Bəs görəsən bu dəfəki görüşdə nələr müzakirəyə çıxarılıb?
Ehtimallara görə bu dəfə Gürcüstanda son yaşananlar, rus tərəfinin bitərəf şəkildə Orta və Qısamənzilli raketlər müqaviləsindən çıxması, Ukrayna və mütləq ABŞ – İran qarşıdurması müzakirə edilib.
Səbuhi Məmmədli



