Ötən gün prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində olub, tarixi Cümə Məscidinin qarşısında çıxış edib. Prezident Ağdamın və digər torpaqların şəhidlərin qanı, canı bahasına, qəhrəmanlarımızın şücaəti sayəsində azad olunduğunu vurğulayıb.
Sitat:
-Əziz həmvətənlər.
Bildiyiniz kimi, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.
Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır.
Biz beynəlxalq müstəvidə böyük işlər apardıq və mən öz çıxışlarımda xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatandan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. Eyni zamanda, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı haqqında açıq ifadələr var. Bu, bizim böyük uğurumuzdur. Çünki uzun illər ərzində biz buna nail ola bilməmişdik. Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər. Bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan işğalçı dövlət kimi göstərilmədi. Orada "erməni qüvvələri” yazılmışdı.
Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarıma baxmaq kifayətdir. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım. Çünki əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat var idi. Əks təqdirdə, bizim torpaqlarımız işğal altına düşə-düşə Amerika Konqresi məşhur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal altına düşürdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdır və bizi humanitar yardımdan məhrum etmişdir. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilməmişdir.



