Azərbaycanda karantin rejimini pozanlar və maska taxmamağa görə daha böyük məbləğdə cərimə ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs olunması, hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir. Bundan başqa, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.
Hazırda isə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadəkmüddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir. Maskaya görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.



