İstər Ulu Öndər, istərsə də möhtərəm Prezidentimiz bu məsələyə həmişə ciddi yanaşıb.
Torpaqlarımızın erməni işğalından azad olunmasından az vaxt keçməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev özünün ənənəvi, çevik siyasətinə yenə də sadiqlik nümayiş etdirir. Bunu dövlət başçısının son bir ay ərzində imzaladığı mühüm sərəncam və fərmanlar da təsdiqləyir. Hələ ötən ildən başlayan kadr islahatları isə, yenicə qədəm qoyduğumuz 2021-ci ildə görünür, yeni mərhələyə daxil olur
Ölkə başçısının videoformat şəklində yeni mədəniyyət naziri Anar Kərimovla söhbətində kifayət qədər ciddi məsələlərə toxundu. Azərbaycan Prezidentinin həmin görüşdə xeyli sayda məsələ və problemləri gündəmə gətirməsi və onların aradan qaldırılmasını tələb etməsi deyilənləri bir daha isbatlayir.
Dövlət başçısının yeni nazirlə söhbətində Azərbaycan dili ilə bağlı bir çox problemlərə toxunması, əslində gözlənilən idi. Çünki İlham Əliyev respublikaya rəhbərlik etdiyi son 17 il ərzində dilimizlə bağlı dəfələrlə öz çıxışlarında irad və təkliflərini bildirmiş, bu sahədə görülən işlərə həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Prezident bu dəfə də Azərbaycan dili ilə bağlı öz fikirlərini açıqladı, müəyyən iradlarını bildirdi və yeni nazir qarşısında konkret tələblər irəli sürdü. Diqqət çəkən məqamlardan biri də o idi ki, ölkə başçısı dilimizlə bağlı mediada yol verilən nöqsanlara da toxundu. Xüsusilə, televiziya kanallarında Azərbaycan ədəbi dil normalarına ciddi diqqət yetirilməməsini vurğuladı və s.
Təbii ki, təkcə bu məsələ kifayət qədər düşündürücüdür və bu barədə ayrıca söhbət açmağa dəyər. Lakin bunu bir yazıda əhatə etmək mümkünsüz olduğuna görə, mən dilimizlə bağlı bir qədər yaxın keçmişə nəzər salmaq qərarına gəldim.
Yada salmaq istərdim ki, ümummilli liderimiz Heydər Əliyevin istər 1969-1982, istərsə də 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövrlərdə müəllifi olduğu milli siyasət konsepsiyasının tərkib hissələrindən biri xalqımızın mövcudluğunun əsas amillərindən olan dilimizin dövlət statusu alması ilə bağlıdır. Dahi şəxsiyyətin ana dili, ümumiyyətlə, dil quruculuğu haqqında elmi-nəzəri fikirləri yalnız dünən, bu gün üçün deyil, sabah üçün də bu sahənin mütəxəssislərinin müraciət edəcəyi metedoloji-ideoloji əhəmiyyət daşıyan fikirlərdir. 1978-ci ildə Azərbaycan SSRİ-nin Konstitusiyası hazırlanarkən, məhz Heydər Əliyevin böyüklüyü və ciddi səyləri nəticəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi, Konstitusiyaya xüsusi maddə əlavə edildi.
Ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdışından sonra da "Dili yaşatmaq, xalqı yaşatmaqdır" devizi ilə fəaliyyətini davam etdirdi. 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına "Azərbaycan dili" maddəsinin (21-ci maddəsinin ) salınması, 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dilinin təsis edilməsi haqqında" sərəncamların imzalanması, eləcə də 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasının dövlət dili haqqında" Qanunun qəbul edilməsi ulu Öndərin milli məsələdə, xüsusən dil məsələsində siyasi xəttinin dəyişmədiyini bir daha sübut etmiş oldu.
Ulu öndər Heydər Əliyev gənc nəslin ana dilini düzgün, hərtərəfli, elmi əsaslar zəmnində mənimsəməsi ilə bağlı bir sıra dəyərli məsləhətlər vermiş, özünün qiymətli fikir və mülahizələrini söyləmişdir. Belə ki, 1997-ci il avqustun 29-da Prezident Sarayında respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüşdə ümumilli lider Heydər Əliyevin dərin, məzmunlu nitqi bu cəhətdən səciyyəvidir: "Mən keçmişdə də demiśəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini-dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bu həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz".
Azərbaycan dilinin, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində ulu öndər Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir Ümumilli liderimizin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.
Əliabbas Salahzadə,
millət vəkili



